Səhər içilən qəhvə insanı daha xoşbəxt edir


  • 13:43

Elm adamları səhər saatlarında içilən qəhvənin insanların əhval-ruhiyyəsini yaxşılaşdırdığını və onları daha xoşbəxt etdiyini müəyyən ediblər.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmalara əsasən, qəhvənin tərkibindəki kofein beyindəki “adenozin” adlı maddənin reseptorlarını bloklayır və bu da yuxu hissini azaldır. Mütəxəssislər səhər oyandıqdan sonra ilk 2,5 saat ərzində içilən qəhvənin insanda pozitiv təsir yaratdığını, günün bu vaxtında qəhvə qəbul etməyin əhval-ruhiyyəni yüksəltdiyini bildiriblər. Araşdırmada qeyd olunur ki, günortadan sonra içilən qəhvə isə bu təsiri göstərmir.

Alimlərin fikrincə, qəhvə təkcə ayıqlığı artırmaqla kifayətlənmir, həm də ürək sağlamlığını dəstəkləyə bilər. Bununla yanaşı, metabolizmanı sürətləndirə və xroniki xəstəliklərin riskini azalda bilər.

Lakin kofeindən maksimum fayda görmək üçün onun düzgün saatlarda qəbul edilməsi tövsiyə olunur. Mütəxəssislər kortizol hormonunun yüksək olduğu saatlarda, yəni oyandıqdan dərhal sonra qəhvə içməyin o qədər də faydalı olmadığını vurğulayırlar.

ABŞ-nin Merilend Universitetinin apardığı araşdırmaya görə, qəhvəni oyandıqdan dərhal sonra deyil, saat 09:30-11:30 arasında içmək daha doğrudur. Gün ərzində 5 fincandan çox qəhvə içmək isə sağlamlıq baxımından zərərli sayılır.

Mütəxəssislər bildirir ki, qəhvənin ayıldıcı təsirinin səbəbi kofeinin sinir sistemini stimullaşdırması və kortizol hormonunun fəaliyyətinə təsir göstərməsidir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər