- 00:04
İranda davam edən həddindən artıq isti hava səbəbilə artan enerji istehlakının qarşısını almaq məqsədilə 23 avqust tarixində paytaxt Tehran da daxil olmaqla ən azı 13 vilayətdə dövlət qurumları üçün tətil elan olunub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, son günlər ölkə üzrə təsirli olan isti hava dalğası elektrik enerjisinə tələbatı kəskin artırıb. Bu vəziyyətə qarşı tədbir görmək məqsədilə hökumət və vilayət rəhbərlikləri həftənin ilk iş günü hesab olunan 23 avqust şənbə günü bir sıra vilayətlərdə dövlət idarələrinin fəaliyyətini dayandırıb.
Tətil edilən vilayətlər arasında Tehranla yanaşı, Əlburz, Yəzd, İsfahan, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Kürdüstan, Rəzəvi Xorasan, Cənubi Xorasan, Qum, Kirman, Xuzistan və Şimali Xorasan vilayətləri də yer alır.
Tətil elan edilməyən vilayətlərdə isə iş saatları səhər saat 06:00-dan 11:00-a qədər məhdudlaşdırılıb.
Qərarın, xüsusilə gündüz saatlarında yüksək temperaturun yaratdığı elektrik enerjisinə tələbatı azaltmaq və ölkə üzrə enerji sisteminin sabitliyini qorumaq məqsədilə verildiyi bildirilib.
İran Meteorologiya Təşkilatının məlumatına görə, ölkənin cənub və qərb bölgələrində, xüsusilə Xuzistan və İlam vilayətlərində temperatur 45 dərəcəni keçib, Tehranda isə 40 dərəcəyə yaxınlaşıb.
Rəsmi qurumlar vətəndaşlara zəruri olmadıqca çölə çıxmamağı, birbaşa günəş şüalarına məruz qalmamağı və enerji istehlakını minimum səviyyədə saxlamağı tövsiyə edib.
Enerji qənaəti ilə bağlı tədbirlər son aylarda ölkə üzrə daha da geniş vüsət alıb. Xüsusilə kondisionerlərin geniş istifadə edildiyi isti hava günlərində enerji tələbatının pik həddə çatması səbəbilə hökumət və müvafiq qurumlar əhaliyə tez-tez müraciət edərək məsuliyyətli davranmağa çağırır.
Paytaxt Tehranda son həftələrdə yüksək enerji istehlakının qarşısını almaq üçün bəzi bölgələrdə gündəlik 2 saatlıq elektrik kəsintiləri tətbiq edilir.
Şəbnəm Mehdizadə