- 00:04
Avstraliyada tədqiqatçılar 2019-cu ildə tapılmış bir fosil mirvarinin təxminən 100 milyon il yaşı olduğunu təsdiqləyiblər.
E-huquq.az "ABC News"a istinadən xəbər verir ki, 2019-cu ildə Kvinslend ştatının Riçmond bölgəsində yerləşən Kronosaurus Korner Muzeyinin paleontoloji qazıntı sahələrində könüllü olaraq iştirak edən bir turist nadir fosil mirvari tapıb.
Muzeyin nəzarəti altında aparılan qazıntı zamanı aşkarlanan bu tapıntı uzun müddət araşdırılıb.
Kvinslend Universitetinin paleontoloqu Qreqori Vebb bildirib ki, aparılan təhlillər nəticəsində diametri 2 santimetr olan, bilyədən bir qədər böyük ölçülü mirvarinin təxminən 100 milyon il əvvəl formalaşdığı müəyyən edilib.
Araşdırmalardan sonra qədim fosil mirvari Kronosaurus Korner Muzeyində sərgilənməyə başlanıb.
Şəbnəm Mehdizadə