- 00:04
Türkiyənin İzmir şəhərində qanunsuz şəkildə xəzinə axtarışı zamanı meşə yanğınına səbəb olmaqda təqsirləndirilən 5 nəfərə qarşı cinayət işi açılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ittihama görə, hadisə nəticəsində 7 min kvadratmetr sahə yanıb, 3 min 630 ağacı məhv olub.
İittihamda qeyd edilir ki, təqsirləndirilən şəxslər əvvəlcədən plan quraraq üç avtomobillə hadisə yerinə gedib, ərazidə kəşfiyyat aparıb və 180 sm enində, 350 sm dərinliyində qanunsuz qazıntı həyata keçiriblər. Qazıntı zamanı istifadə olunan partlayıcının əl istehsalı olduğu müəyyən edilib. Partlayışdan sonra ərazidə yanğın başlayıb və sürətlə yayılıb.
Hadisə yerində meşə yanğınını təsdiqləyən bir sıra maddi sübutlar aşkarlanıb. Təqsirləndirilən şəxslərin istifadə etdiyi qazıntı avadanlıqları da istintaq zamanı müəyyən olunub və təhlükəsizlik kameralarına düşüb.
İzmir Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində həmin şəxslər barəsində “təhlükəli maddələri icazəsiz əldə saxlama və ya ötürmə” və “qəsdən meşə yandırma” maddələri ilə ittiham irəli sürülüb. Prokuror hər bir təqsirləndirilən şəxs üçün 18 ilədək azadlıqdan məhrumetmə cəzası tələb edir.
Şəbnəm Mehdizadə