- 18:42
Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 10 avqustda baş verən 6,1 bal gücündə zəlzələdən sonra bölgədə 4 minə yaxın afterşok qeydə alınıb.
E-huquq.az xəbər verir ki, bu barədə Dokuz Eylül Universitetinin Zəlzələ Tədqiqat və Tətbiqetmə Mərkəzinin müdiri, professor Hasan Sözbilir məlumat verib.
Onun sözlərinə görə, əsas zəlzələ Sındırgı fay xətti üzərində baş verib və təkanlar daha çox şərq istiqamətində yayılıb.
Mütəxəssis bildirib ki, hazırda seysmik aktivlik zəifləyir və yaxın həftələrdə təkanların əhəmiyyətli dərəcədə azalması gözlənilir.
Sözbilir vətəndaşlara təşvişə düşməməyi tövsiyə edib və qeyd edib ki, bölgədə baş verən zəlzələlərin gücü 5 balı keçməyəcək.
Professorun sözlərinə görə, zəlzələnin episentri yaxınlığında yerləşən Gelenbe fayının da müəyyən qədər aktivlik göstərməsi müşahidə olunub, lakin bu, lokal xarakter daşıyır və daha geniş miqyaslı təhlükə ehtimalı azdır.
Sındırgıda baş verən zəlzələ nəticəsində bir bina dağılsa da, təxminən 1000 bina müxtəlif dərəcədə zərər görüb. Kənd yerlərində xüsusilə yığma tipli evlərdə ziyan daha çoxdur. Yenidənqurma və möhkəmləndirmə tədbirləri çərçivəsində kənd evlərinin strukturunda dəyişikliklər nəzərdən keçirilə bilər.
Sözbilir əlavə edib ki, bu zəlzələnin İstanbul və ətrafındakı fay xətləri ilə birbaşa əlaqəsi yoxdur və həmin bölgələrə təsir göstərməsi gözlənilmir.
Şəbnəm Mehdizadə