Əfqanıstanda miqrantları daşıyan avtobus qəzaya uğradı, 79 nəfər öldü


  • 15:36

İrandan deportasiya edilən miqrantları daşıyan avtobus Əfqanıstanda qəzaya uğrayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Mətin Qani hadisə ilə bağlı "Associated Press" agentliyinə açıqlama verərək, qəzanın İran sərhədinə yaxın Herat vilayətində baş verdiyini bildirib. Onun sözlərinə görə, qəza yerli vaxtla saat 20:30 radələrində qeydə alınıb.

İlkin məlumatlara görə, avtobus yolda hərəkət edən bir motosiklet və yük maşını ilə toqquşduqdan sonra alovlanıb. Hadisə yerindən verilən görüntülərdə avtobusun tamamilə yanaraq kül olduğu görünür.

Faciə nəticəsində aralarında 19 uşaq da olmaqla 79 nəfər həyatını itirib. Hadisədə iki nəfərin yaralandığı da bildirilib.

Heratın Mədəniyyət və İnformasiya İdarəsinin rəhbəri Əhmədullah Muttaki də "X" sosial media platformasında paylaşım edərək avtobusun çarpışma nəticəsində alışdığını təsdiqləyib.

Qeyd edək ki, İran 2023-cü ildən etibarən qanunsuz miqrantlara qarşı deportasiya prosesini sürətləndirib.

İran Daxili İşlər Nazirliyinin Miqrasiya və Qaçqınlarla İş üzrə İdarəsinin rəhbəri Nadir Yarahmedi iyulun 11-də bildirib ki, cari ilin 21 mart tarixindən bəri 772 mindən çox qeyri-qanuni Əfqanıstan vətəndaşı ölkədən çıxarılıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər