- 18:42
ABŞ-da aparılan yeni bir sorğuya görə, ölkədə böyüklər arasında alkoqol istehlakı son 86 ilin ən aşağı səviyyəsinə düşüb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, "Gallup" tədqiqat şirkətinin 7-21 iyul tarixlərində 18 yaşdan yuxarı 1002 nəfərin iştirakı ilə keçirdiyi sorğuya əsasən, respondentlərin cəmi 54%-i alkoqol istifadə etdiyini bildirib. Bu göstərici 1939-cu ildən bəri qeydə alınan ən aşağı səviyyədir.
Sorğunun nəticələrinə görə, yetkinlərin 53%-i orta səviyyədə alkoqol istifadəsinin sağlamlıq üçün zərərli olduğunu düşünür. Halbuki bu göstərici 2015-ci ildə keçirilən oxşar sorğuda 28% idi.
Xüsusilə gənc yaş qrupunda bu narahatlıq daha da nəzərə çarpır. 18-34 yaş arası iştirakçıların 66%-i orta miqdarda alkoqol istifadəsinin sağlamlığa mənfi təsir göstərdiyini bildirib. Müqayisə üçün, bu göstərici 2015-ci ildə cəmi 40% idi.
55 yaşdan yuxarı respondentlər arasında da bu narahatlıq xeyli artıb, onların təxminən yarısı alkoqolun zərərli olduğunu düşünür. Halbuki bu yaş qrupunda 2015-ci ildə bu rəqəm 22% idi.
Humay Eminqızı