- 17:27
Avstraliyada alimlər dünyada ilk dəfə damarlar, sinirlər, tük follikulları və immun hüceyrələri olan, insan dərisinə ən yaxın model olan dəri toxumasını laboratoriya şəraitində hazırlayıblar.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Kvinslend Universitetinin yaydığı məlumata əsasən, tədqiqatçılar insan dəri hüceyrələrini kök hüceyrələrə çevirərək dəriyə bənzər orqan əldə ediblər. Bu struktur laboratoriyada hazırlanmış xırda qan damarları ilə birləşdirilərək öz qan dövranı sisteminə malik çoxqatlı dəri toxumasına çevrilib.
Araşdırmaya rəhbərlik edən Dr. Abbas Şafiee bildirib ki, indiyədək hazırlanmış dəri modelləri yalnız dəri səthini təqlid edə bilirdi. Lakin bu yeni struktur tük follikulları, sinir hüceyrələri, piqmentasiya, immun sistemi və qan dövranı kimi xüsusiyyətləri ilə insan dərisinə ən yaxın model hesab olunur.
Onun sözlərinə görə, bu yenilik sayəsində sədəf və ekzema kimi dəri xəstəlikləri daha dəqiq şəkildə araşdırıla biləcək, yeni müalicə üsulları test edilə biləcək və yanıq, yara sağalması sahəsində ciddi irəliləyişlər əldə olunacaq.
Tədqiqatın nəticələri “Wiley Advanced Healthcare Materials” elmi jurnalında dərc olunub.
Şəbnəm Mehdizadə