Hindistan XİN: ABŞ-ın Rusiya nefti ilə bağlı ritorikası bizi təəccübləndirdi


  • 16:51

Hindistanın Xarici İşlər naziri Subrahmanyam Jaishankar ölkəsinin ən çox Rusiya nefti alan ölkə olmadığını bildirərək, ABŞ-ın bu mövzudakı tənqidlərinin məntiqini anlamadıqlarını qeyd edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Moskva şəhərində Rusiya Xarici İşlər naziri Sergey Lavrov ilə görüşündən sonra keçirilən birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Jaishankar, ABŞ-ın Rusiya nefti idxalı ilə bağlı Hindistana qarşı tarif tətbiqini və tənqidlərini şərh edib.

“Biz amerikalıların son bir neçə ildə Rusiyadan neft almaq da daxil olmaqla qlobal enerji bazarlarını sabitləşdirmək üçün mümkün olan hər şeyi etməli olduğumuzu dediyi ölkəyik” - o bildiirb.

Nazir, həmçinin Hindistanın ən böyük Rusiya nefti və mayeləşdirilmiş təbii qaz (LNG) idxalçısı olmadığını, bu sahədə Çin və Avropanın daha öndə olduğunu diqqətə çatdırıb.

ABŞ-ın mövqeyini başa düşmədiyini söyləyən nazir deyib: “Biz ABŞ-dan da neft alırıq və bu həcm artmaqdadır. Buna görə ABŞ-ın mövqeyinin məntiqi bizi təəccübləndirdi”.

Bundan əlavə, XİN başçısı Hindistan və Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlığın yüksək səviyyədə davam etdiyini və iki ölkənin ortaq istehsal və texnologiya transferi üzərində işlədiyini qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Hindistana Rusiya nefti aldığı üçün əlavə 25% tarif tətbiq etmişdi.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər