- 17:27
Almaniyada uşaqlara və yeniyetmələrə qarşı cinsi istismar hallarında ciddi artım müşahidə olunub.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, 2024-cü il üçün hazırlanan “Uşaqlara və yeniyetmələrə qarşı cinsi cinayətlər” adlı hesabatda qeyd olunub ki, 2023-cü ildə ölkədə 18 min 85 uşaq və yeniyetmə cinsi istismarın qurbanı kimi qeydə alınıb. Bu göstərici, 2019-cu ildəki 15 min 936 hadisə ilə müqayisədə 18 faiz artım deməkdir.
Rəsmi məlumatlar Almaniya daxili işlər naziri Aleksandr Dobrindt, Federal Cinayət Polisi İdarəsinin (BKA) rəhbəri Holger Münch və Uşaqlara və Yeniyetmələrə Qarşı Cinsi İstismara Qarşı Müstəqil Federal Komissar Kerstin Claus tərəfindən Berlində keçirilən mətbuat konfransında ictimaiyyətə açıqlanıb.
Nazir Dobrindt vəziyyəti “təhlükəli siqnal” adlandıraraq bildirib: “Uşaqlara və gənclərə qarşı cinsi istismar halları dəhşətli dərəcədə yüksəkdir. Bu mənzərəni qəbul edə bilmərik. Hər bir təqsirkar şəxs qətiyyətlə məhkəmə qarşısına çıxarılmalıdır.”
BKA rəhbəri deyib ki, bu hallarla mübarizə prioritet məsələdir.
Federal Cinayət Polisi rəhbəri Holger Münch isə hüquq-mühafizə orqanlarının bu istiqamətdə fəaliyyətlərini gücləndirdiyini bildirib: “Cinsi zorakılıq hallarının davamlı yüksək səviyyədə qalması səbəbindən bu məsələ Almaniya təhlükəsizlik orqanlarının əsas prioritetlərindən biri olaraq qalır. Kadr potensialımızı artırmışıq və texniki imkanlarımızı da daim təkmilləşdiririk”.
Rəsmilər cəmiyyətə çağırış edərək, uşaqların qorunması üçün hüquqi, texniki və ictimai səviyyədə səfərbərliyin vacibliyini vurğulayıblar.
Şəbnəm Mehdizadə