- 17:32
Vyetnamda yaxınlaşmaqda olan Kajiki qasırğası səbəbilə fövqəladə vəziyyət elan edilib.
E-huquq.az "Vietnam News" xəbər agentliyinə istinadən xəbər verir ki, məlumatına görə, Vyetnamın Milli Hidrometeoroloji Proqnoz Mərkəzi tərəfindən yayılan açıqlamada qasırğanın bəzi bölgələrdə güclü yağışlara, daşqınlara və torpaq sürüşmələrinə səbəb ola biləcəyi bildirilib. Artan çay səviyyələri səbəbilə bəzi ərazilərdə 2-ci və 3-cü dərəcə təhlükə siqnalı verilib.
Vyetnam Müdafiə Nazirliyi təxliyə və fəlakətin nəticələri ilə mübarizə üçün təxminən 350 min təhlükəsizlik əməkdaşı və 8 min 200 hərbi texnika səfərbər edib.
Təxminən 586 mindən çox insanın təhlükəsiz ərazilərə təxliyə olunmasına qərar verilib.
Hazırda Vyetnam hakimiyyəti vəziyyəti yaxından izləyir və əlavə tədbirlər görülməkdədir.
Kajiki qasırğası bu il Sakit okeanda yaranan 13-cü qasırğa olaraq qeydə alınıb.
Xatırladaq ki, dünən Çinin cənubunda yerləşən Haynan adasında bu təbii fəlakətə görə 4-cü dərəcəli fövqəladə vəziyyət elan edilmişdi.
Şəbnəm Mehdizadə