Antibiotik qəbul edərkən qəhvə içmək zərərlidirmi? - ARAŞDRIMA


  • 16:01

Gündəlik içilən qəhvənin bəzi antibiotiklərin təsirini azalda biləcəyi ortaya çıxıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, beynəlxalq bir tədqiqat qrupu tərəfindən aparılan və "PLOS Biology" jurnalında dərc edilən yeni araşdırmada qəhvədəki kafeinin bakteriyalara, xüsusilə "Escherichia coli" (E. coli) bakteriyasına necə təsir etdiyi araşdırılıb.

Tədqiqat zamanı 94 müxtəlif kimyəvi maddə test olunub və bu maddələrin bakteriya hüceyrələrinə daxilolma və hüceyrədən çıxma mexanizmlərinə təsiri analiz edilib.

Kafein bu testlərdə xüsusilə diqqət çəkib, çünki onun bəzi antibiotiklərin, xüsusən siprofloksasin kimi dərmanların bakteriyalar tərəfindən daha az mənimsənilməsinə səbəb olduğu müəyyən edilib.

Araşdırma göstərir ki, bu təsir "Rob" adlı bir protein vasitəsilə genetik tənzimləmə sistemləri üzərindən həyata keçir. Kafeinlə əlaqəli dəyişikliklərin təxminən üçdə birində bu proteinin rol oynadığı və nəticədə antibiotiklərin bakteriya hüceyrəsinə keçidinin azaldığı qeyd olunur.

Elm adamları bu vəziyyətin birbaşa antibiotikə qarşı müqavimət olmadığını, lakin “aşağı səviyyəli antibiotik müqaviməti” kimi tanınan daha incə mexanizmlərlə bağlı olduğunu vurğulayırlar. Bu cür mexanizmlər bakteriyaların sağ qalma ehtimalını artıraraq müalicələrin effektivliyini zəiflədə bilər.

Araşdırma laboratoriya mühitində aparılıb və insanlarda eyni təsirin nə dərəcədə baş verdiyi hələ məlum deyil. Həmçinin bu təsirin yalnız bəzi bakteriya növlərində, məsələn "E. coli"də müşahidə olunduğu, salmonella kimi digər bakterilərdə isə qeydə alınmadığı bildirilir.

Tədqiqatın nəticələri antibiotik müalicələrini daha effektiv etmək üçün bakteriyalarda genetik və biokimyəvi mexanizmlərin daha ətraflı şəkildə xəritələşdirilməsinin vacibliyinə işarə edir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər