- 17:56
İspaniyada rəsmi meteoroloji müşahidələrin başladığı 1961-ci ildən bəri ən isti günlər bu ilin avqust ayında yaşanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İspaniya Meteorologiya İnstitutu (AEMET) 3-18 avqust tarixlərində baş verən isti hava dalğasının indiyədək qeydə alınan ən güclü istilər olduğunu açıqlayıb.
AEMET-in məlumatına görə, bu ilin avqustunda yaşanan ikinci isti hava dalğası zamanı ölkənin bir çox bölgələrində temperatur rekord səviyyəyə çatıb. Qurum bildirib ki, 2022-ci ilin iyulunda temperatur normadan 4,5 dərəcə yüksək olmuşdu, lakin bu ilin avqustunda bu göstərici 4,6 dərəcəyə çataraq yeni rekord müəyyən edib.
Əldə edilən məlumatlara əsasən, 2025 və 2022-ci illərdən əvvəl normadan 4 dərəcədən çox yuxarı olan ən güclü isti hava dalğaları 2023 və 1987-ci illərin avqust aylarında, həmçinin 2019-cu ilin iyununda qeydə alınmışdı.
AEMET-in açıqlamasında bildirilir ki, 2025-ci ilin avqustunda müşahidə olunan isti hava dalğası 16 gün davam edib və bu müddət ərzində qeydə alınan temperatur göstəriciləri son 60 ildən artıq dövr ərzində İspaniyada müşahidə olunan ən yüksək göstəricilərdir. İnstitut bildirib ki, ekstremal istilərin davam etməsi insan sağlamlığına xüsusilə həssas qruplar üçün ciddi risk yaradır, həmçinin meşə yanğınlarının ehtimalını artırır.
İqlim dəyişikliyindən ən çox zərər görən ölkələrdən biri olan İspaniyada 1975-1999-cu illər arasında cəmi 212 gün ərzində 44 isti hava dalğası qeydə alınmışdı. Lakin 2000–2024-cü illər aralığında bu göstərici iki dəfə artaraq 417 gün ərzində ümumilikdə 90 isti hava dalğasına çatıb.
Son illərdə isti hava dalğasından təsirlənən vilayətlərin sayı da artaraq 36-dan 44-ə yüksəlib.
Bu ilin avqust ayında xüsusilə ölkənin cənubunda yerləşən Badaxos və Kordoba kimi şəhərlərdə temperatur 44 dərəcəni keçib.
Digər tərəfdən, bu il əsasən avqust ayı ərzində olmaqla, İspaniyada 407 min hektardan çox meşə və kənd təsərrüfatı əraziləri yanıb. Hazırda ölkənin şimalında yerləşən Qalisiya və Kastiliya-Leon bölgələrində 17 fərqli nöqtədə yanğınlar davam edir. Bu gün Leon bölgəsində baş verən iki yeni yanğın səbəbilə iki kənddə 300-dən çox sakin evakuasiya olunub.
Şəbnəm Mehdizadə