- 17:56
ABŞ-ın Kaliforniya ştatında yerləşən məşhur turizm bölgəsi Lake Tahoe şəhərində maraqlı və qeyri-adi bir hadisə yaşanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bir ayı, "Camp Richardson" istirahət kompleksində yerləşən dondurma mağazasına daxil olub.
Əraziyə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları, dondurma mağazasının dəzgahının arxasında dayanan böyük ayını gördükdə gözlərinə inanmayıblar. Sosial mediada paylaşılan şəkillərdə "Fuzzy" adlandırılan ayının sanki mağazanın işçisiymiş kimi dəzgah arxasında dayanaraq gələnləri müşahidə etdiyi görünür.
Mağazaya daxil olduqdan sonra ayı müxtəlif dondurma növlərini yoxlayıb, lakin ən çox çiyələkli dondurmaya maraq göstərib.
Hadisə nəticəsində dondurma mağazasında ciddi ziyan qeydə alınmayıb, sadəcə yüngül təmizlik işlərinə ehtiyac duyulub.
Hadisənin baş verdiyi "Camp Richardson" kompleksi, Nevada ştatının Reno şəhərindən təxminən 106 kilometr məsafədə, Lake Tahoe bölgəsində yerləşir. 128 hektarlıq bu təbiət və istirahət məkanı yay aylarında turistlərin ən çox üz tutduğu yerlərdən biridir.
Hadisə həm sosial şəbəkələrdə, həm də yerli mətbuatda böyük maraqla qarşılanıb. Yerli sakinlər isə bölgədə ayılarla bu kimi qarşılaşmaların zaman-zaman yaşandığını bildirirlər.
Şəbnəm Mehdizadə