- 26 Avqust 22:08
Avstraliya İranın ölkədəki səfiri Əhməd Sadeqi və səfirliyin daha üç əməkdaşını ölkədən çıxarır.
E-huquq.az CNN-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Avstraliyanın Baş naziri Entoni Albaneze açıqlayıb.
Onun sözlərinə görə, iranlı diplomatlara ölkəni tərk etmək üçün bir həftə vaxt verilib.
“Avstraliya kəşfiyyatı müəyyən edib ki, ölkədə azı iki antisemitizm xarakterli hücumun arxasında Tehran dayanır. İran İnqilab Keşikçiləri Korpusu ilə 2024-cü ildə Sidneydə yəhudilərə məxsus “Lewis Continental Kitchen” restoranının və Melburnda “Adass Israel” sinaqoqunun yandırılması hadisəsi arasında əlaqənin olduğu aşkar edilib”, - məlumatda qeyd olunub.
Bununla yanaşı, Avstraliya İrandakı Səfirliyinin işini dayandırıb, İranda olan avstraliyalılara isə ölkəni tərk etməklə bağlı çağırış edilib.
“Sydney Morning Herald” nəşri isə yazır ki, bu, İkinci Dünya müharibəsindən bu yana Avstraliyadan xarici diplomatların qovulmasına dair ilk belə haldır.