- 26 Avqust 22:08
Aparılan araşdırma nəticəsində məlum olub ki, 13 yaşından əvvəl smartfon sahibi olmaq erkən yetkinlik dövründə ciddi psixi sağlamlıq problemləri ilə əlaqələndirilir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu yaş qrupunda telefon sahibi olanlar 18-24 yaş arasında intihar düşüncələri, aqressivlik, reallıqdan uzaqlaşma, emosional nəzarətin itirilməsi kimi problemlərlə üzləşirlər.
Bu mənfi nəticələr xüsusilə erkən sosial media istifadəsi, kiber zorakılığa məruz qalma, yuxu rejiminin pozulması və zəifləmiş ailə münasibətləri ilə əlaqəli olur.
Tədqiqatı aparan “Sapien” laboratoriyasının baş elmi işçisi Dr.Tara Thiagarajan, spirtli içki və tütün qadağalarına bənzər bir yanaşma ilə 13 yaşdan kiçik uşaqların ağıllı telefonlara çıxışının məhdudlaşdırılmasının vacibliyini vurğulayıb: “İnkişaf etməkdə olan zehinlər onlayn mühitdən daha dərin şəkildə təsirlənir.”
Araşdırmada bəzi ölkələrin uşaqların telefon istifadəsini məhdudlaşdırdığı xatırladılıb. Fransa, Hollandiya, İtaliya və Yeni Zelandiya məktəblərdə telefon istifadəsinə qadağalar tətbiq edərkən, ABŞ-da Nyu-York, Alabama və Oklahoma kimi əyalətlər də məhdudiyyətlər tətbiq etməyə başlayıb. Hollandiyada aparılan rəsmi bir araşdırma isə bu qadağaların şagirdlərin diqqətini toplamasını artırdığını göstərib.
Tədqiqatçılar uşaqların psixi sağlamlığını qorumaq üçün dörd əsas prioritet sahə müəyyənləşdiriblər:
1. Rəqəmsal savadlılıq və psixi sağlamlıq təhsilini məcburi etmək
2. 13 yaşdan aşağı sosial media istifadəsini müəyyənləşdirərək texnologiya şirkətlərini məsuliyyətə cəlb etmək
3. Sosial şəbəkələrə yaşa görə giriş məhdudiyyətləri tətbiq etmək
4. Telefon istifadəsinə mərhələli şəkildə qadağalar gətirmək
Humay Eminqızı