- 27 Avqust 23:05
Bu gün ABŞ prezidenti Donald Trampın Hindistandan idxal olunan mallara iki dəfə artırılmış rüsumları qüvvəyə minib.
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bununla əlaqədar olaraq, iki ölkə arasında gərginlik daha da güclənib.
Məlumata görə, Hindistanın Rusiya nefti alışı ilə bağlı tətbiq edilən 25%-lik əlavə cərimə rüsumu, Trampın daha əvvəl Hindistandan gətirilən bir çox mala tətbiq etdiyi 25%-lik tarifə əlavə olunub. Beləliklə, ümumi gömrük rüsumu 50%-ə çatıb. Bu rüsum geyim, qiymətli daş-qaş və zərgərlik məmulatları, ayaqqabı, idman ləvazimatları, mebel və kimyəvi maddələrə şamil olunur.
Hindistan Ticarət Nazirliyinin nümayəndəsinin sözlərinə görə, rüsumlardan zərər görən ixracatçılara maliyyə yardımı göstəriləcək və onlara satış bazarlarını Çin, Latın Amerikası və Yaxın Şərq kimi regionlara diversifikasiya etmək üçün dəstək veriləcək.
ABŞ Gömrük və Sərhəd Mühafizəsi Xidmətinin yük göndəricilərinə göndərdiyi bildirişə görə, Hindistandan gətirilən və gecə yarısından əvvəl gəmiyə yüklənmiş və ABŞ-a yolda olan mallar üçün üç həftəlik gömrük rüsumundan azadolma tətbiq ediləcək.
Bundan əlavə, polad, alüminium və onların törəmələri, minik avtomobilləri, mis və digər müəyyən məhsullar bu artımlardan istisna olunur, çünki onlar Ticarətdə Milli Təhlükəsizlik Qanununa əsasən ayrı-ayrı 50%-lik gömrük rüsumlarına tabedirlər.
Hindistan Ticarət Nazirliyinin nümayəndələri bildirirlər ki, ABŞ-dan Hindistana idxal olunan məhsullara tətbiq edilən orta gömrük rüsumu təxminən 7,5% təşkil edir. Bununla yanaşı, ABŞ Ticarət Nümayəndəliyi avtomobillərə 100%-ə qədər rüsum tətbiq edildiyini və ABŞ-dan gətirilən kənd təsərrüfatı məhsullarına orta hesabla 39%-lik gömrük rüsumu qoyulduğunu açıqlayıb.
Humay Eminqızı