Rusiyada hərbi aerodroma hücumun qarşısı alınıb


  • 27 Avqust 11:47

Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları 35 yaşlı Volqoqrad sakinini Ukrayna Təhlükəsizlik Xidmətinin tapşırığı ilə Saratov vilayətinin Enqels şəhərində yerləşən hərbi aerodroma hücum hazırlamaqda təqsirləndirərək saxlayıblar.

E-huquq.az xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Təqsirləndirilən şəxs tapşırığa əsasən, hərbi aerodroma yaxın ərazidə yaşayış yeri icarəyə götürüb və burada zərbə məqsədli pilotsuz uçuş aparatları (PUA) üçün naviqasiya modulu quraşdırmalı idi. Məqsəd Rusiya Müdafiə Nazirliyinə məxsus infrastrukturun atəşlə məhv edilməsi olub. Həmçinin, o əvvəlcədən hazırlanmış diversiya vasitələrini gizlətdiyi yerdən götürməyi planlaşdırırdı.

Şəxs yaşadığı ünvanda saxlanılıb.

Məlum olub ki, təqsirləndirilən şəxs Ukrayna vətəndaşlığını almaq istəyib. O, 2019-2022-ci illərdə Ukraynanın Lvov vilayətində müvəqqəti yaşayıb, lakin müvəqqəti yaşama icazəsinin müddəti bitdikdən sonra Ukraynanın miqrasiya orqanlarında qeydiyyatdan keçməyib. Bu səbəbdən Ukrayna vətəndaşlığı almaq müqabilində Rusiyada diversiya-terror aktı həyata keçirmək üçün əməkdaşlığa cəlb olunub.

Ona qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275.1-ci maddəsi ilə cinayət işi açılıb. Bu maddə 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Humay Eminqızı

Oxşar xəbərlər