Cənubi Koreyada dərs saatlarında mobil telefon istifadəsi qadağan edildi


  • 27 Avqust 14:32

Cənubi Koreya parlamenti məktəblərdə dərs saatlarında mobil telefon və digər ağıllı cihazların istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.

E-huquq.az xəbər verir kii, bu barədə "The Korea Herald" qəzeti məlumat yayıb.

Məlumata görə, Milli Assambleyada keçirilən səsvermədə iştirak edən 163 deputatdan 115-i qanunun lehinə səs verib.

Qanuna əsasən, şagirdlər dərs saatlarında mobil telefon və ağıllı cihazlardan istifadə edə bilməyəcəklər.

Yeni qanun 2026-cı ilin mart ayında başlayacaq tədris ilindən qüvvəyə minəcək.

Ölkədə həm deputatlar, həm də valideynlər və müəllimlər hesab edirlər ki, ağıllı telefon istifadəsi şagirdlərin akademik nailiyyətlərinə mənfi təsir göstərir və onların dərsə ayırmalı olduqları vaxtı azaldır.

Cənubi Koreya Təhsil Nazirliyinin məlumatına əsasən, ölkə əhalisinin təxminən dörddə biri mobil telefondan həddindən artıq asılıdır. Bu göstərici 10-19 yaş arası gənclərdə 43 faizə qədər yüksəlir.

Araşdırmalara görə, yeniyetmələrin üçdə birindən çoxu sosial mediada keçirdikləri vaxtı nəzarətdə saxlamaqda çətinlik çəkir.

Qeyd edək ki, Cənubi Koreya ilə yanaşı, Fransa, Finlandiya, İtaliya, Hollandiya və Çində də şagirdlərin telefon istifadəsinə məhdudiyyətlər tətbiq olunur.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər