- 27 Avqust 23:05
Vyetnamda “Kajiki” qasırğasının səbəb olduğu güclü fırtına və daşqınlar nəticəsində həyatını itirənlərin sayı 7-yə yüksəlib,
E-huquq.az xəbər verir ki, bu barədə "Vietnam News" agentliyi məlumat yayıb.
Məlumata görə, leysan yağışları və daşqınlar ölkənin bir sıra bölgələrində gündəlik həyatı ciddi şəkildə iflic edib.
Rəsmi şəxslər bildiriblər ki, 7 nəfərin öldüyü, 34 nəfərin yaralandığı artıq təsdiqlənib. Eyni zamanda, bir nəfərin itkin düşdüyü və onun axtarışlarının davam etdiyi qeyd olunub.
Təbii fəlakət nəticəsində təxminən 1,6 milyon insan elektrik enerjisinin verilişində fasilələrlə üzləşib. Bundan əlavə, 15 ev tamamilə dağılıb.
Vyetnamın Baş naziri Pham Minh Chinh yerli orqanlara təcili tapşırıq verərək, axtarış-xilasetmə işlərinin sürətlə və effektiv şəkildə davam etdirilməsini tələb edib.
Qeyd edək ki, 23 avqust tarixində Çin Xalq Respublikasının cənubunda yerləşən Haynan adasında da “Kajiki” qasırğası səbəbilə 4-cü səviyyə fövqəladə vəziyyət elan edilib.
“Kajiki” bu il Sakit Okeanda qeydə alınan 13-cü qasırğa olub. Hazırda bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib və hava şəraitinin inkişafı diqqətlə izlənilir.
Şəbnəm Mehdizadə