Cammu və Kəşmirdə güclü yağışlar nəticəsində 30 nəfər ölüb


  • 27 Avqust 14:39

Cammu və Kəşmir bölgəsində yağan güclü yağışlar nəticəsində baş verən sel və torpaq sürüşmələri azı 30 nəfərin həyatına son qoyub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, son günlər bölgədə təsirini göstərən intensiv yağışlar nəticəsində torpaq sürüşməsi və daşqınlar qeydə alınıb

Təbii fəlakət həm insan tələfatına, həm də ciddi infrastruktur dağıntılarına səbəb olub.

Rəsmilər bildiriblər ki, yağışların yaratdığı fəlakətlər zamanı 30 nəfər həyatını itirib. İnfrastrukturda ciddi ziyan qeydə alınıb. Belə ki, bir sıra körpülər dağılıb, elektrik enerjisi və telekommunikasiya xətləri sıradan çıxıb.

Regionda dəmir yolu və avtomobil yollarında hərəkətə ciddi məhdudiyyətlər qoyulub. Bəzi yollar tam bağlanıb, çoxsaylı qatar reysləri isə ləğv edilib.

Xilasetmə əməliyyatları çərçivəsində 3 500-dən artıq yerli sakin təhlükəli ərazilərdən təxliyə olunub.

Hökumət bölgədəki bütün məktəblərin 27 avqusta qədər bağlandığını, təyin olunmuş imtahanların isə təxirə salındığını açıqlayıb.

Qeyd edək ki, Cənubi Asiyada iyun-sentyabr aylarında təsirli olan musson yağışları hər il xüsusilə Hindistan, Pakistan və digər region ölkələrində genişmiqyaslı təbii fəlakətlərə səbəb olur. Bu il Pakistanın müxtəlif bölgələrində iyunun 26-dan bəri davam edən daşqınlarda 800-dən çox, Hindistanın Himaçal Pradeş əyalətində isə iyun ayının əvvəlindən bu yana təxminən 300 nəfər həyatını itirib.

Şəbnəm mehdizadə

Oxşar xəbərlər