- 27 Avqust 23:05
Beynəlxalq araşdırma qrupu Solomon Adalarının sahillərində yerləşən “Iron Bottom Sound” (Dəmir Dibi Boğazı) bölgəsində apardığı dərin dəniz tədqiqatı zamanı İkinci Dünya Müharibəsindən qalan 13 döyüş gəmisinin qalıqlarını yüksək dəqiqliklə görüntüləyib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, "Ocean Exploration Trust" təşkilatının təşəbbüsü ilə "E/V Nautilus" tədqiqat gəmisində həyata keçirilən 22 günlük ekspedisiya çərçivəsində əvvəllər sənədləşdirilməmiş dörd gəmi ilk dəfə olaraq vizual şəkildə qeydə alınıb. Onlar arasında ABŞ-a məxsus "USS New Orleans" ağır kreyserinin ön hissəsi və Yaponiyanın "Teruzuki" adlı esminesi də var.
Digər müəyyənləşdirilən gəmi qalıqları arasında "USS Vincennes", "USS Astoria", "USS Quincy", "USS Northampton", "USS Laffey", "USS DeHaven", "USS Preston", "USS Walke", Avstraliyaya məxsus "HMAS Canberra", Yaponiyanın "Yudachi" esminesi və bir çıxarma gəmisi də yer alır. Bütün bu qalıqlar yüksək çözünürlüklə sənədləşdirilib.
Araşdırmalarda insansız suüstü aparatı "DriX*" və uzaqdan idarə olunan sualtı robotlardan istifadə olunub. "DriX" sistemi 1000 kvadrat kilometrdən artıq dəniz dibini xəritələyərək bu ərazi üzrə indiyədək aparılmış ən ətraflı xəritə məlumatlarını təqdim edib. Nəticədə çox sayda potensial gəmi qalıqları müəyyən olunub.
"Iron Bottom Sound" bölgəsi 1942-ci ilin avqust-dekabr aylarında baş vermiş 5 əsas dəniz döyüşünə ev sahibliyi edib. Bu döyüşlər zamanı 111-dən artıq gəmi və 1450 hərbi təyyarə batırılıb, 20 mindən çox insan həyatını itirib. Axtarışlara baxmayaraq, batmış gəmilərin bir çoxu hələ də tapılmayıb.
ABŞ Donanmasının Dəniz Tarixi və İrs Komandanlığının direktoru Samuel J. Cox bu araşdırmanı hər iki tərəfdən döyüşən dənizçilərin cəsarət və fədakarlığını yad etmək üçün önəmli fürsət adlandırıb. O, bu tip kəşflərin tarixi bilikləri zənginləşdirdiyini və həyatını itirənlərin heç vaxt unudulmayacağını vurğulayıb.
Araşdırma zamanı 138 saatdan artıq dalış canlı yayımla "NautilusLive.org" saytında təqdim olunub. Yayımı milyonlarla insan, o cümlədən veteranlar və tarixçilər izləyib.
Şəbnəm Mehdizadə