- 27 Avqust 23:05
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən yayımlanan yeni hesabatda qeyd olunur ki, dünya üzrə hər 4 nəfərdən biri, təxminən 2,1 milyard insan təhlükəsiz şəkildə idarə olunan içməli suya çıxış imkanı olmayan şəraitdə yaşayır. Bu bərabərsizlikdən ən çox əziyyət çəkənlər isə inkişaf səviyyəsi aşağı olan ölkələrdir.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, “2000–2024: Ev təsərrüfatlarında içməli su və sanitariya sahəsində irəliləyiş – bərabərsizliklərə xüsusi diqqət” adlı hesabat Dünya Su Həftəsi çərçivəsində təqdim olunub.
Hesabata əsasən, 2,1 milyard insan təhlükəsiz şəkildə idarə olunan içməli sudan məhrumdur. 3,4 milyard insan təhlükəsiz sanitariya xidmətlərinə çıxış əldə edə bilmir. 1,7 milyard insan ev şəraitində əsas gigiyena xidmətlərindən istifadə edə bilmir.
Hesabatda vurğulanır ki, su, sanitariya və gigiyena xidmətlərinə çıxışda ən böyük bərabərsizliklər aşağı gəlirli ölkələrdə, kövrək və humanitar böhran yaşayan bölgələrdə, kənd yerlərində yaşayan əhali, uşaqlar, azlıqlar və yerli icmalar arasında müşahidə olunur.
Ən az inkişaf etmiş ölkələrdə yaşayan insanların təhlükəsiz içməli suya və sanitariya xidmətlərinə çıxışdan məhrum qalma ehtimalı daha yüksək gəlirli ölkələrə nisbətən 2 dəfədən çoxdur. Əsas gigiyena xidmətlərindən məhrum qalma ehtimalı isə 3 dəfədən artıqdır.
ÜST-nin Ətraf Mühit, İqlim Dəyişikliyi və Səhiyyə üzrə direktoru Dr. Ruediger Kreç bildirib ki, su, sanitariya və gigiyena imtiyaz deyil, əsas insan hüququdur: “Ən çox kənarda qalan icmalar üçün konkret addımlar atılmasa, dayanıqlı inkişaf hədəflərinə çatmaq mümkün olmayacaq”.
UNICEF-in Su, Sanitariya və Gigiyena direktoru Cecilia Scharp isə qeyd edib ki, uşaqlar təhlükəsiz su, sanitariya və gigiyena xidmətlərindən məhrum olduqda, onların sağlamlığı, təhsili və gələcəyi təhlükəyə düşür: “İndiki sürətlə davam etsək, hər bir uşağa təhlükəsiz su və sanitariya təmin etmək vədimiz getdikcə daha da əlçatmaz olacaq”.
Hesabat, xüsusilə yoxsul və bərabərsizliyin hökm sürdüyü bölgələrdə bu sahədə təcili və cəsarətli addımların atılmasının zəruriliyini vurğulayır.
Şəbnəm Mehdizadə