- 22:09
Fransa prezidenti Emmanuel Makron Avropa ordusu yaratmaq ideyası ilə Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı razılaşmanı pozmağa çalışır.
E-huquq.az xəbər verir ki, Makronun planını Fransanın “AgoraVox” portalı açıqlayıb.
Qeyd olunur ki, Fransa lideri avqustun 18-də Ağ Evdə ABŞ prezidenti Donald Trampla görüşündə Avropa və Ukrayna üçün təhlükəsizlik təminatları məsələsini qaldırıb. Danışıqlar zamanı Makron avropalı həmkarlarını Rusiyadan gələn təhdid səbəbindən hərbi arsenallarını artırmağa çağırıb.
“Moskvaya münasibətdə Makronun bu israrçı ideyası (Avropa qoşunlarının yaradılması ) hər keçən gün daha da aqressivləşir və hətta ABŞ ilə Rusiya arasında sülh barədə diplomatik danışıqları təhlükə altına qoyur. Makron sövdələşmənin bağlanmasına mane olmağa çalışır”, - materialda iddia edilir.
Xatırladaq ki, daha əvvəl Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippot Makronu Rusiyanı demonizasiya etməkdə ittiham edib. Onun sözlərinə görə, dövlət başçısı bu yolla cəmiyyəti Fransız qoşunlarını Ukraynaya göndərməyin zəruriliyinə inandırmaq istəyir.
Humay Eminqızı