- 20:39
Cənubi Afrika Konstitusiya Məhkəməsi evlənən kişilərin həyat yoldaşlarının soyadını birbaşa qəbul edə bilməsinin qarşısını alan hüquqi məhdudiyyətləri ləğv edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmənin açıqlamasına görə, indiyə qədər yalnız qadınlara tanınan bu hüququn kişilər üçün mümkün olmaması gender bərabərliyi prinsipinə zidd sayılıb. Qərarda qeyd olunub ki, bu vəziyyət Cənubi Afrika Respublikasının Konstitusiyası ilə ziddiyyət təşkil edir.
Konstitusiya Məhkəməsi, “1992-ci il Doğum və Ölüm Qeydiyyatı Qanunu”nun kişilərin soyad seçimini məhdudlaşdıran müddəalarının konstitusiyaya uyğun olmadığını bəyan edib.
Bu qərarla birlikdə Cənubi Afrikada artıq kişilər də qadınlar kimi nikah zamanı həyat yoldaşlarının soyadını birbaşa qəbul edə və ya qoşma soyaddan istifadə edə biləcəklər. Bu addım ölkədə hüquqi və sosial bərabərliyin gücləndirilməsi baxımından mühüm mərhələ hesab olunur.
Şəbnəm Mehdizadə