- 15:24
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada təxminən 673 milyon insan aclıq təhlükəsi ilə üz-üzədir.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, təşkilatın məlumatıan görə, dünyada ərzaq təhlükəsizliyi ilə bağlı problemlər ciddi həddə çatır.
Bir çox insanlar münasib qiymətə qida əldə etmək üçün mübarizə aparır. Qlobal miqyasda 2,6 milyard insan sağlam pəhriz saxlaya bilmir.
2024-cü ildə FAO artan qlobal böhranlara cavab olaraq 75 ölkədə 43 milyon insana təcili kənd təsərrüfatı dəstəyi göstərib.
Münaqişə və müharibələr 20 ölkə və ərazidə təxminən 140 milyon insana təsir edən kəskin ərzaq təhlükəsizliyinin əsas səbəbi olaraq qalır.
Haitidə FAO 2024-cü ildə istehsalı artırmaq üçün toxumların, alətlərin və xırda mal-qaranın paylanması yolu ilə təxminən 100.000 insanı dəstəkləyib.
Təşkilat həmçinin quraqlıq və qasırğaya meyilli ərazilərdə su anbarları, suvarma sistemləri və qoruyucu infrastruktur inşa edib.
Sudanda isə 2,8 milyon insana, Ukraynada isə 291 mindən çox kənd ailəsinə kənd təsərrüfatı yardımı göstərilib.
Qeyd edək ki, FAO-nun 80 illik yubileyi İtaliyanın paytaxtı Romada xüsusi muzeyin açılışı ilə qeyd olunacaq. Oktyabrın 16-da qapılarını açacaq Ərzaq və Kənd Təsərrüfatı Muzeyi ziyarətçilərə bütün dünyada kənd təsərrüfatı və qida sistemlərini formalaşdıran zəngin ənənələri və innovativ yanaşmaları araşdıra biləcəkləri interaktiv məkan təqdim edəcək.
Humay Eminqızı