Məzmuna keç

ABŞ-də qaçırılan 11 aylıq körpə torpağın altında tapılıb

ABŞ-nin Cənubi Karolina ştatında atası tərəfindən qaçırıldığı bildirilən 11 aylıq körpə torpağın altında basdırılmış it qəfəsinin içərisində sağ vəziyyətdə tapılıb.

E-huquq.az xəbər verir ki, bu barədə “Lexington” dairəsinin şerifi Brayan Kun keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, Koah Şarp adlı körpə it qəfəsinin içərisində, dəsmala bükülmüş vəziyyətdə aşkarlanıb. Şerif qeyd edib ki, qəfəsin ətrafına yerləşdirilmiş dəsmal torpağın altında müəyyən hava boşluğu yaradıb. Ehtimal olunur ki, məhz bu amil körpənin təxminən 24 saat sağ qalmasına imkan verib.

Məlumata görə, bazar ertəsi körpənin atası Maykl Komer tərəfindən qaçırıldığı bildirildikdən sonra polis, Federal Təhqiqat Bürosu (FTB) və digər federal qurumların iştirakı ilə genişmiqyaslı axtarış əməliyyatı başladılıb.

Çərşənbə axşamı təxminən 100 nəfərdən ibarət axtarış qrupu şübhəlinin atasının evinin yaxınlığındakı meşəlik ərazidə təzə qazılmış torpaq sahəsi aşkar edib. Ərazidə qazıntı aparan əməkdaşlar torpağın altından körpə səsi eşidərək dərhal xilasetmə əməliyyatına başlayıblar.

Xilas edilən körpə xəstəxanaya yerləşdirilib. Onun müalicəsinin davam etdiyi və səhhətinin yaxşılaşdığı bildirilir.

Körpənin atası Maykl Komer bazar ertəsi axşam saatlarında başqa bir oğurluq ittihamı ilə saxlanılaraq həbs edilib.

Şəbnəm Mehdizadə