Yaponiyada ayı hücumlarının sayı rekord həddə çatıb - 10 nəfər ölüb


  • 14:44

Aprel ayından bəri Yaponiyada ayı hücumlarının sayı 10-a çataraq rekord göstərici qeydə alınıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya Ətraf Mühit Nazirliyi ölkənin kənd və şəhər ərazilərində baş verən ayı hücumları ilə bağlı açıqlama yayıb.

Nazirliyin məlumatına görə, ötən həftə Akita prefekturasındakı bir kənddə baş vermiş hadisə nəticəsində ölənlərin ümumi sayı 10 nəfərə yüksəlib.

“Kyodo News”un məlumatına əsasən, Akita prefekturasının qubernatoru Kenta Suzuki rekord sayda ölüm hadisəsindən sonra məsələ ilə bağlı açıqlama verib.

Suzuki ictimaiyyətin bu hücumlara reaksiya verməkdə çətinlik çəkdiyini, işçi qüvvəsinin azaldığını və ovçuların yaşlandığını qeyd edərək, Yaponiya Özünümüdafiə Qüvvələrindən (SDF) logistika dəstəyi alacağını bildirib.

İyun ayından bəri xüsusilə ölkənin şimal bölgələrində ayıların turistlərə hücum etməsi, mağazalara girməsi, həmçinin məktəb və park ərazilərində görünməsi halları artıb.

Sentyabrın əvvəlində Yaponiya hökuməti ayı hücumlarının çoxalması səbəbindən vəhşi təbiətin qorunması qanunlarına dəyişiklik edib. Yeni qaydalara əsasən, bələdiyyə orqanlarına xüsusi təyin olunmuş ovçulara yaşayış məntəqələrində, o cümlədən qəhvəyi və qara ayılara qarşı silah tətbiq etməyə icazə verilib.

Oxşar xəbərlər