- 17:37
Hindistanda hakim Bharatiya Janata Partiyasının (BJP) millət vəkili və keçmiş nazir Basanagouda R. Patil Yatnal halal sertifikatlaşdırmanın ölkə miqyasında qadağan edilməsinə çağırış edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, o, daxili işlər naziri Amit Şaha ünvanladığı məktubda bütün qurumların halal sertifikatları və halal etiketli məhsulların verilməsinin qadağan edilməsini tələb edib.
Yatnal halal sertifikatlaşdırmanın islam şəriətinə əsaslanan bir təcrübə olduğunu və Hindistan Konstitusiyasında heç bir hüquqi əsası olmadığını iddia edib.
O, Hindistanın Qida Təhlükəsizliyi və Standartları İdarəsinin (FSSAI) qida təhlükəsizliyi və standartlarına nəzarət edən yeganə hüquqi orqan olduğunu bildirib və FSSAI mövcud olduğu halda digər dini əsaslı sertifikatlaşdırma orqanlarına ehtiyac olmadığını qeyd edib.
Uttar Pradeş ştatının bu yaxınlarda halal sertifikatlaşdırma qurumlarını qadağan etdiyini xatırladan Yatnal, eyni təcrübənin milli səviyyədə tətbiq olunmasına çağırıb. Bu çağırış dini kimliyin biznesdə və ictimai həyatda rolu ilə bağlı gərginliyi yenidən alovlandırıb.
Lakin hüquq mütəxəssisləri FSSAI-nin qida təhlükəsizliyinə nəzarət etməkdən məsul olduğunu və halal və ya koşer kimi dini sertifikatların istehlakçıların seçimlərinə əsaslandığını qeyd edirlər.
Mütəxəssislər bildirirlər ki, bu sahədə dəqiq hüquqi çərçivə olmadığı üçün müzakirələr konstitusiya, dünyəvilik və istehlakçı hüquqları da daxil olmaqla geniş sahələri əhatə edir.
Şəbnəm Mehdizadə