Adada 80 yaşlı qadın ölü tapılıb


  • 12:19

Avstraliyanın Böyük Sədd Rifində yerləşən Kərtənkələ Adasında 80 yaşlı qadın ölü tapılıb. Hadisə “Coral Adventurer” kruiz gəmisinin adaya gəzintisi zamanı baş verib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qadın şənbə günü digər sərnişinlərlə birlikdə adanın ən yüksək nöqtəsi olan Kukz Lyuk dağına qalxıb, lakin daha sonra istirahət etmək üçün qrupu tərk edib. Gün batımı ərəfəsində kruiz gəmisi adadan yola düşüb, lakin bir neçə saat sonra qadının gəmidə olmadığı müəyyənləşib. Gəmi dərhal geri dönərək axtarış əməliyyatına qoşulub. Qadının meyiti bazar günü səhər saatlarında tapılıb.

Avstraliya Dəniz Təhlükəsizliyi İdarəsi (AMSA) hadisə ilə bağlı araşdırma başladıb. Qurum gəminin kapitanı tərəfindən şənbə günü yerli vaxtla saat 21:00-da məlumatlandırıldığını və gəmi bu həftənin sonunda Darvin Limanına çatdıqda heyətlə görüş keçiriləcəyini açıqlayıb.

“Coral Expeditions” şirkətinin baş direktoru Mark Fifild hadisə ilə bağlı dərin kədərini ifadə edib və ailəyə başsağlığı verib.

Şirkətin məlumatına əsasən, “Coral Adventurer” gəmisi 120 sərnişin və 46 heyət üzvü üçün nəzərdə tutulub, uzaq ərazilərə səfərlər həyata keçirmək üçün kiçik qayıqlarla təchiz edilib.

Kvinslend polisi hadisəni qəfil və şübhəli olmayan ölüm kimi qiymətləndirib və meyit üzərində məhkəmə-tibb ekspertizasının aparılacağını bildirib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər