Avstraliyada Birinci Dünya Müharibəsində döyüşən iki əsgərin yazdığı məktublar tapılıb - FOTO


  • 10:26

Avstraliyada yerləşən çimərlikdə içərisində Birinci Dünya Müharibəsində döyüşən iki əsgərin yazdığı məktubların olduğu butulka tapılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Braun ailəsi oktyabrın 9-da Qərbi Avstraliyadakı "Wharton Beach" çimərliyinin təmizliyi zamanı qalın şüşə butulka tapıb.

Deb Braun bildirib ki, çimərliyi tez-tez təmizləsələr də heç bir zibil qabına diqqət yetirmirlər. Lakin bu şüşə onların diqqətini cəlb edə bilib.

Şüşənin içərisində karandaşla yazılmış iki yazı var idi. Bu yazıların 27 yaşlı əsgər Malkolm Nevil və 37 yaşlı əsgər Uilyam Harli tərəfindən 15 avqust 1916-cı ildə yazıldığı məlum olub.

Avstraliyanı tərk etdikdən bir neçə gün sonra iki əsgər Fransanın ön cəbhəsinə yollanıb. Gəmi Avropada Qərb Cəbhəsində döyüşən 48-ci Avstraliya Piyada Batalyonuna əlavə qüvvələr daşıyırdı.

Nevill bir il sonra döyüşdə ölüb. Harli iki dəfə yaralansa da müharibədən sağ çıxmağı bacarıb. O, 1934-cü ildə xərçəng xəstəliyindən vəfat edib.

Nevill məktubun tapıldığı təqdirdə anasına qaytarılmasını xahiş edib. O anasına yazdığı məktubda başına gələnlərdən danışıb:

"Həqiqətən yaxşı vaxt keçiririk. Bir yemək istisna olmaqla, yeməklər yaxşıdır. Gəmi yellənir, amma biz çox xoşbəxtik".

Harley isə məktubu tapan şəxsin onu saxlaya biləcəyini qeyd edib.

Deb Braun hesab edir ki, şüşə dənizdə deyil, uzun müddət sahil təpələrində basdırılmış vəziyyətdə qalıb. Əgər o, bu qədər müddət dənizdə olsaydı, kağız çoxdan çürüyərdi.

Ailə hər iki əsgərin qohumları ilə əlaqə saxlayıb.

Harlinin nəvəsi Ann Turner tapıntını möcüzə kimi qiymətləndirib:

"Bu, həqiqətən inanılmazdır. Bizə elə gəlir ki, babamız bizi məzardan çağırır" - deyə o bildirib.

Nevilin böyük qardaşı oğlu Herbi Nevill isə deyib ki, bu, onların ailəsini bir araya gətirən inanılmaz bir kəşfdir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər