- 16:26
 
                     
            Türkiyənin paytaxtı Ankarada qızıl mağazasından təxminən 7 kiloqram qızıl və zinət əşyası oğurlayan şəxslərlə bağlı keçirilən əməliyyatlar nəticəsində 8 şübhəli yaxalanıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, polis əməkdaşlarının apardığı istintaq zamanı məlum olub ki, hadisə gecə saatlarında maskalı 3 nəfər tərəfindən törədilib.
Araşdırma nəticəsində onların saxta nömrə nişanlı avtomobildən istifadə etdikləri, hadisədən bir neçə gün əvvəl İstanbuldan Ankaraya gəlib obyektlə bağlı kəşfiyyat apardıqları müəyyən edilib. Şübhəlilərin istifadə etdikləri avtomobilin nömrəsini üç dəfə dəyişdirdikləri və mağazanın uzaqdan idarəetmə pultununun surətinin əvvəlcədən çıxarıldığı da aşkarlanıb.
Zərgərlik mağazasındakı vitrin və rəflərdəki qızıl və zinət əşyalarını kisələrə yığıb hadisə yerindən qaçan şəxslərin daha sonra Ankara və İstanbulda müxtəlif ünvanlarda gizləndikləri müəyyən edilib.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyatlar nəticəsində hər iki şəhərdə ümumilikdə 8 şübhəli saxlanılıb. Axtarışlar zamanı oğurlanan təxminən 7 kiloqram qızıl və zinət əşyası da ələ keçirilib.
Hadisə ilə bağlı istintaq davam etdirilir.
Şəbnəm Mehdizadə