ABŞ alimləri ölümcül xəstəliklərin sirrini öyrənib


  • 13:33

ABŞ-nin Viskonsin Universitetinin tədqiqatçıları ölümcül xəstəliklərin arxasında duran bioloji mexanizmləri aşkar ediblər.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, tapıntılar bəzi xərçəng və sümük iliyi xəstəliklərinin səbəblərini izah edə bilir.

Belə ki, elm adamları RPA adlı zülalın xromosomların qorunmasında və ölümcül xəstəliklərin qarşısının alınmasında mühüm rol oynadığını aşkarlayıb.

Science jurnalında dərc edilən araşdırmaya görə, "RPA" adlı zülal xromosomların uclarında telomerləri qoruyaraq genetik sabitliyi qoruyur. Bu zülaldakı qüsurlar telomerləri qısalda bilər ki, bu da aplastik anemiya, miyelodisplastik sindrom kimi ciddi xəstəliklərə səbəb olur.

Telomerlər DNT-nin uclarında qoruyucu qapaq rolunu oynayır. Bu bölgələr qocalma prosesində təbii olaraq qısalır və onların qeyri-sabitliyi erkən yaşlanmaya və hüceyrə zədələnməsinə səbəb ola bilər. Tədqiqat qrupu telomerləri təmir edən telomeraz fermentini dəstəkləyən zülalları tədqiq edərək bu prosesdə RPA-nın əsas rolunu üzə çıxarıb.

Süni intellektə əsaslanan AlphaFold proqram təminatından istifadə edərək modelləşdirmə RPA-nın telomerazanı aktivləşdirdiyini və bununla da sağlam DNT mühafizəsini təmin etdiyini göstərdi. Laboratoriya testləri bu tapıntıları təsdiqləyib.

Tədqiqata rəhbərlik edən professor Ci Ji Lim bildirib ki, dünyanın hər yerindən həkimlər xəstələrindəki genetik mutasiyaların RPA funksiyasına təsir edib-etmədiyini öyrənmək üçün onlarla əlaqə saxlayıblar.

"Bu kəşf xəstələrin niyə xəstələndiyini anlamaqda bizə böyük bir addımdır" deyə o əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər