Alimlər yaşlı siçanların ömrünü 73 faiz uzadan dərman kəşf edib


  • 10:20

Alimlər yaşlanmanın qarşısını ala biləcək yeni müalicə üsulu kəşf edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, tədqiqatçıların hazırladığı Oksitosin və "A5i" adlı dərmanın birləşməsi yaşlı, zəif erkək siçanların ömrünü 73 faiz uzadıb.

Alimlər dərmanları 25 aylıq siçanlara tətbiq edib. Bu, insanlarda təxminən 75 yaşa bərabərdir.

Müalicə olunan siçanlar uzun yaşamaqla yanaşı həm də daha da çevikləşib, güclü yaddaşa sahib olub.

Ageing-US jurnalında dərc edilən araşdırmaya görə, müalicə olunan erkək siçanların müalicə almayanlara nisbətən ölmə ehtimalı təxminən üç dəfə azdır.

Dörd aylıq müalicədən sonra dərman birləşməsi yalnız erkək siçanlarda müsbət nəticə göstərib. Dişi siçanlarda həyat müddətində və ya sağlamlıq vəziyyətində əhəmiyyətli fərq müşahidə edilməyib.

Alimlər qeyd edirlər ki, bu, cinslər arasında bioloji fərqlərdən xəbər verir.

Mütəxəssislər həmçinin bu tapıntıları məşhur qocalma əleyhinə dərman olan rapamisinin nəticələri ilə müqayisə ediblər. Rapamisin siçanların ömrünü yalnız 9-15 faiz artırıb.

Tədqiqatçılar qeyd edirlər ki, tapıntıların insanlara tətbiqi üçün daha uzunmüddətli tədqiqatlara ehtiyac var.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər