- 17:28
 
                    
            Dünya miqyasında aparılan yeni bir araşdırma miqren və digər baş ağrısı növlərinin ən geniş yayılmış və ən çox əlillik yaradan sağlamlıq problemləri arasında olduğunu üzə çıxarıb.
E-huquq.az xəbər verir ki, Avstraliyanın La Trobe Universiteti və "Western Health" təşkilatlarının rəhbərliyi ilə aparılan və "Cell Reports Medicine" jurnalında dərc olunan tədqiqatda 1990-2021-ci illər arasında 204 ölkə və regionda baş ağrılarının yayılma tezliyi araşdırılıb.
Nəticələrə əsasən, hazırda təxminən 2,8 milyard insan dünyada müxtəlif növ baş ağrılarından əziyyət çəkir.
Tədqiqatda qeyd olunur ki, müasir həyat tərzi baş ağrılarının artmasında mühüm rol oynayır. Stres, azhərəkətli həyat, alkoqol və kofein istifadəsi, eləcə də keyfiyyətsiz yuxu bu problemləri daha da gücləndirir.
Araşdırmaya görə, xüsusilə 30-44 yaş arası qadınlar və yüksək gəlirli ölkələrdə yaşayan insanlar bu cür sağlamlıq problemlərindən daha çox təsirlənirlər.
COVID-19 pandemiyasının da vəziyyəti ağırlaşdırdığı, həm yoluxmadan, həm də peyvəndləmədən sonra baş ağrısı şikayətlərinin davam etdiyi bildirilib.
Tədqiqatın aparıcı müəllifi professor Tissa Vijeratne bildirib ki, diaqnostika və müalicədəki irəliləyişlərə baxmayaraq, davamlı risk amilləri və peşəkar tibbi yardıma məhdud çıxış səbəbindən baş ağrısı pozğunluqlarının qlobal səviyyədə azalması yaxın gələcəkdə gözlənilmir.
Vijeratne vurğulayıb ki, baş ağrısı və miqren problemləri qlobal səhiyyə gündəminin prioritetlərinə daxil edilməli, fərdi müalicə proqramları və səhiyyə sahəsinə yatırımlar artırılmalıdır.
Şəbnəm Mehdizadə