- 17:28
Alimlər süni intellektin təhlükəsizliyi və effektivliyini qiymətləndirən yüzlərlə testdə ciddi qüsurlar aşkarlayıblar.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərənin Süni İntellekt Təhlükəsizliyi İnstitutu ilə birlikdə Stanford, Berkeley və Oksford universitetlərinin də daxil olduğu 14 qurumdan 29 tədqiqatçının apardığı araşdırma nəticəsində, süni intellekt sistemlərinin təhlükəsizliyini və səmərəliliyini qiymətləndirmək üçün istifadə olunan 445 testin əksəriyyətində etibarlılığı zədələyən çatışmazlıqlar müəyyən edilib.
Aparılan tədqiqatda süni intellektin iki əsas sahəsi - təbii dilin emalı (NLP) və maşın öyrənməsi üzrə nüfuzlu elmi konfranslardan toplanan testlər sistematik şəkildə analiz edilib.
Nəticələr göstərib ki, bu qiymətləndirmə testlərinin demək olar ki, hamısı nəticələrin doğruluğunu şübhə altına alan qüsurlar daşıyır.
Araşdırmanın əsas müəllifi, Oksford İnternet İnstitutundan olan Endrü Bin “The Guardian” qəzetinə açıqlamasında bildirib ki, bu testlər böyük texnoloji şirkətlər tərəfindən təqdim olunan süni intellekt modellərinin performansını ölçmək üçün əsas vasitə kimi istifadə olunur.
Bin qeyd edib ki, bu qiymətləndirmələr süni intellektlə bağlı iddiaların əsasını təşkil edir, lakin ortaq anlayışlar və etibarlı ölçü meyarları olmadığı üçün modellərin həqiqətən inkişaf edib-etmədiyini müəyyənləşdirmək getdikcə çətinləşir.
Şəbnəm Mehdizadə