- 17:28
BMT-nin Baş katibi Antonio Quterreş Sudandakı müharibənin nəzarətdən çıxdığını deyib.
E-huquq.az xarici Kİ9V-ə istinadən xəbər verir ki, BMT-nin Qətərdə keçirilən Zirvə toplantısındakı çıxışında Quterreş Sudandakı hadisələrə toxunub.
Darfur bölgəsindəki Faşir şəhərinin Çevik Dəstək Qüvvələrinin (RSF) nəzarəti altına keçdiyini qeyd edən Quterreş, bölgədəki müharibənin nəzarətdən çıxdığını bildirib.
O, bölgədəki vəziyyəti "dünyanın ən pis humanitar böhranlarından biri" adlandırıb və münaqişə tərəflərini dərhal atəşkəs elan etməyə çağırıb.
Beynəlxalq səviyyədə insan hüquqlarının pozulması ilə bağlı daimi məlumatlar aldıqlarını qeyd edən Quterreş deyib ki, yüz minlərlə mülki şəxs bu mühasirədədir, insanlar qidalanma, xəstəlik və zorakılıqdan ölür.
O bildirib ki, müharibəni dayandırmaq üçün bütün beynəlxalq ictimaiyyəti və Sudanda təsir gücünə malik hər kəsi bir araya gətirmək vacibdir.
"Sudanda atəşkəsə ehtiyacımız var. Bu dözülməz qırğını dayandırmalıyıq. Müharibənin dayandırılmasının vacib elementlərindən biri Sudana daha çox silah girməməsini təmin etməkdir. Cinayətlər çox dəhşətli olduğundan, məsuliyyət mexanizmləri yaratmalıyıq", - deyə Baş katib qeyd edib.
Şəbnəm Mehdizadə