- 22:09
Alimlər dəniz dibində balıqlar tərəfindən yaradılmış minlərlə həndəsi formalı yuva tapıblar. Kəşf Veddell dənizindəki canlı müxtəlifliyinə işıq salıb və bölgənin qorunması çağırışlarını gücləndirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Antarktikanın Veddell dənizi ərazisində 2019-cu ildə həyata keçirilən tədqiqat səfəri zamanı alimlər gözlənilməz bir tapıntı ilə qarşılaşıblar. Məşhur səyyah Ernest Şekltonun 1915-ci ildə buzlar arasında itən "Endurance" gəmisinin qalıqlarını axtaran tədqiqatçılar dəniz dibində balıqlar tərəfindən formalaşdırılmış həndəsi naxışlı yuvalar aşkar ediblər.
Araşdırma Essex Universitetinin alimlərinin rəhbərliyi ilə, "SA Agulhas II" adlı elmi tədqiqat gəmisindən idarə olunan uzaqdan nəzarətli sualtı aparat vasitəsilə aparılıb.
Alimlər dəniz dibində minlərlə balıq yuvası müəyyən ediblər. Yuvalar dairə, aypara və U formalı simmetrik naxışlar şəklində düzülüb. Hər bir yuvada erkək sarıüzgəcli qayabalığı (Lindbergichthys nudifrons) yumurtalarını qoruyurmuş.
Tədqiqatçılar hesab edirlər ki, bu simmetrik düzülüşlər balıqların yırtıcılara qarşı müdafiə strategiyasıdır. Onların fikrincə, qruplar halında yaşayan balıqlar mərkəzdəki fərdləri qorumaqla sağ qalma ehtimallarını artırırlar.
Veddell dənizi buzla örtülü olmasına baxmayaraq balıqlar, dəniz ulduzları, süngərlər və quşlar da daxil olmaqla çoxsaylı canlı növlərinə ev sahibliyi edir. Yeni kəşf bölgənin zəngin və hələ tam öyrənilməmiş biomüxtəlifliyə malik olduğunu bir daha təsdiqləyib.
Mütəxəssislər bildirirlər ki, bu tapıntı Veddell Dənizi Dəniz Qoruğu layihəsinin qəbul olunması üçün mühüm elmi əsas yaradır. Əgər təklif qəbul edilərsə, bölgə iqlim dəyişikliklərinə qarşı xüsusi mühafizə statusu qazanacaq.
Alimlər hesab edirlər ki, bu kimi kəşflər yalnız keçmişi deyil, həm də dəniz həyatının gələcəyini anlamağa kömək edir. Onların sözlərinə görə, Dünyanın hələ də kəşf olunmamış sirrləri var. Bu tapıntı təbiətin mürəkkəb və ahəngdar nizamını bir daha göz önünə sərib.
.jpg)
Şəbnəm Mehdizadə