- 10:51
İranın paytaxtı tehranda Tehranın su böhranı dərinləşir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın prezidenti Pezeşkian Sənəndəc şəhərinə səfəri zamanı bu barədə xəbərdarlıq edib.
İran hazırda quraqlıq və su ehtiyatlarının azalması ilə bağlı ciddi bir təbii böhranla üzləşir. Pezeşkian, "Yağışların az olması və su ehtiyatlarının qeyri-kafi olması ciddi nəticələrə səbəb ola bilər", - deyə bildirib. O, su və enerji istehlakında qənaət və yaxşı idarəetmənin vacibliyini vurğulayıb, Tehranda su çatışmazlığının xüsusilə narahatedici olduğunu əlavə edib.
Prezident, gələn aydan etibarən yağış yağmazsa, Tehranda su məhdudiyyətləri tətbiq etməli olacaqlarını söyləyib. Həmçinin, əgər vəziyyət dəyişməzsə, "Tehranı təxliyə etməyə məcbur olacağıq", - deyə xəbərdarlıq edib.
Tehranın su ehtiyatları beş əsas bənddən təmin edilir: Lar, Mamlu, Əmir Kəbir, Talikan və Latyan. Ən böyük su mənbəyi isə Əmir Kəbir bəndidir. Son beş ildə isə yağıntıların əhəmiyyətli şəkildə azalması nəticəsində su anbarları ciddi şəkildə tükənib. Meteorologiya qurumlarının məlumatlarına görə, bu il Tehranda yağış miqdarı mövsümi orta göstəricilərdən təxminən 40% az olub. Xüsusilə yaz və yay aylarında yağışın demək olar ki, olmaması bəndlərdəki su səviyyələrinin kritik həddə düşməsinə səbəb olub.
Tehran Əyalət Su İdarəsi 20 iyulda bəyan edib ki, 5 illik quraqlıq nəticəsində şəhəri təmin edən su anbarları son 100 ildə ən aşağı səviyyəyə enib. Şəhər yay boyunca müntəzəm olaraq su kəsintiləri ilə üzləşib.
İran prezidenti Pezeşkian isə 23 iyulda verdiyi açıqlamada bildirib ki, əgər Tehranda su çatışmazlığı bu sürətlə davam edərsə və heç bir həll yolu tapılmazsa, şəhər sakinlərinə su verilməsi qeyri-mümkün olacaq.
Tehran Su İdarəsinin baş direktoru Behzad Parsa isə 3 noyabrda etdiyi açıqlamada, bəndlərin su anbarlarının yalnız iki həftə müddətində Tehrana su təmin edə biləcəyini bildirib. Bu, su böhranının daha da kəskinləşməsi təhlükəsini gündəmə gətirir.
Şəbnəm Mehdizadə