- 00:24
Gürcüstanda qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli təyyarədə şəhid olan Türkiyənin 20 hərbçisinin nəşləri bu gün Ankaranın Məhkəmə Tibbi Ekspertiza Şöbəsinə aparılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Tbilisidən Ankaraya gətirilən şəhidlərin cənazələri ilkin tibbi ekspertiza və şəxsiyyətin dəqiqləşdirilməsi məqsədilə tibb mərkəzinə təhvil verilib.
Müvafiq prosedurlar tamamlandıqdan sonra sabah şəhidlərlə vida və dəfn mərasimi keçiriləcək.
Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib.
Hadisə nəticəsində göyərtədə olan 20 Türkiyə hərbçisi şəhid olub. Gürcüstan və Türkiyə aidiyyəti qurumları tərəfindən birgə istintaq və texniki araşdırma davam etdirilir.