Alimlər asılılıq yaratmayan ağrıkəsici kəşf edib


  • 12:48

Alimlər insan orqanizmində asılılıq yaratmayan təbii ağrı kəsici mexanizminin mövcud olduğunu müəyyən edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərənin Lids Universitetinin rəhbərlik etdiyi yeni araşdırmada insan orqanizmində opioidlərə bənzər, lakin asılılıq yaratmayan təbii ağrı kəsici mexanizminin mövcud olduğunu müəyyən edib.

Alimlər bunun xroniki ağrıların müalicəsində böyük dönüş yarada biləcəyini bildirirlər.

Araşdırma göstərir ki, bədən benzodiazepinlərə bənzər təbii peptidlər istehsal edərək periferik sinir uclarında ağrı siqnallarını zəiflədir. Peptidlər qan-beyin baryerini keçmədikləri üçün yuxululuq, çaşqınlıq və asılılıq kimi yan təsirlər yaratmır.

Tədqiqat çərçivəsində alimlər sinir hüceyrələri ilə əlaqəli glial hüceyrələrin təbii olaraq benzodiazepin tipli peptid ifraz etdiyini aşkar ediblər. Bu maddə ağrı siqnallarını daşıyan sinirlərin aktivliyini azaldaraq, beynə çatan ağrı miqdarını minimuma endirir.

Ağrı müalicəsi üzrə mütəxəssis, Dr. Qanesan Baranidharan tapıntının əhəmiyyətini bu sözlərlə qiymətləndirib:

"Xroniki ağrı səhiyyədə ən böyük problemlərdən biridir. Uzunmüddətli opioid istifadəsi ciddi yan təsirlərə səbəb olur. Bu araşdırma yeni və təhlükəsiz müalicə variantına yol aça bilər.”

Araşdırmanın nəticələri Journal of Clinical Investigation jurnalında dərc edilib.

Bu araşdırma yalnız periferik sinirlərə təsir edən yeni nəsil ağrıkəsicilərin hazırlanmasına imkan yarada bilər. Belə dərmanlar beyinə təsir etməyəcək, asılılıq yaratmayacaq, sedasiya verməyəcək, ağrını birbaşa mənbəyində bloklaya biləcək.

Tədqiqat qrupu bu mexanizmi daha dərindən araşdırmaq üçün 3,5 milyon funt sterlinq maliyyə dəstəyi alıblar. Beşillik layihə neyropatik ağrı biomarkerlərini öyrənəcək və yeni müalicə üsullarının hazırlanmasını hədəfləyəcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər