- 16:06
ABŞ-də kosmik zibillərin idarə olunması və çıxarılması üçün hazırlanmış nəhəng şişmə çanta hazırlanıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-də yerləşən "TransAstra" şirkəti tərəfindən layihələndirilən sistem kiçik qayalardan tutmuş bina ölçülü meteoroidlərə qədər geniş spektrli obyektləri tutmağı hədəfləyir.
Şişmə çanta texnologiyası həm də artan kosmik tullantıların çıxarılmasında istifadə edilə bilər.
Şirkətin qurucusu və akademik Joel Sercel asteroidlərin çıxarılmasının son dərəcə riskli və çətin iş olduğunu bildirir.
Sercelin sözlərinə görə, asteroidi çıxarmaq üçün əvvəlcə onun aşkar edilməsi, tutulması, təhlükəsiz yerə daşınması və daha sonra mineralın çıxarılması tələb olunur.
"Biz bu sahələrdə texnologiyalar inkişaf etdirmişik. 21 patentimiz var və hər ay daha çoxu əlavə olunur" - deyə o əlavə edib.
Sözügedən çanta altı müxtəlif ölçüdə istehsal olunacaq. Ən böyük model, təxminən 10.000 ton ağırlığında, kiçik bir binanın ölçüsündə olan asteroidləri tuta biləcək.
Şirkət hazırda NASA tərəfindən maliyyələşdirilən yeni 10 metrlik versiya üzərində işləyir. Bu model həm böyük peykləri qəbiristanlıq orbitlərindən təhlükəsiz zonalara daşımaq, həm də 100 tonluq asteroidləri tutmaq üçün istifadə edilə bilər.
Şəbnəm Mehdizadə