- 17:35
Dünyada təxminən 360 milyon insan təşviş pozuntusundan əziyyət çəkir.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, İspaniyanın Milli Tədqiqat Şurası və Miguel Hernandez Universitetinin tədqiqatçıları beyindəki çox kiçik bir qrup neyron tarazlığını bərpa edərək, narahatlıq, depressiya və sosial təşviş əlamətlərini tamamilə aradan qaldırıblar.
Tədqiqat emosional idarəetmə, yaddaş və qərar qəbul etmədə kritik rol oynayan amigdala üzərində cəmlənib. Tədqiqatçılar orada yerləşən xüsusi neyronlarda həddindən artıq aktiv olan GRIK4 adlı geni hədəf alıblar.
Alimlər GRIK4 geninin əlavə nüsxələrini çıxarmaq üçün gen redaktə üsullarından istifadə ediblər. GluK4 zülal səviyyəsinin azaldılması nəticəsində siçanlarda bütün narahatlıq və təşviş əlamətləri yox olub.
Komanda narahat davranışların bazolateral amigdala (BLA) içərisindəki xüsusi bir qrup neyrondan qaynaqlandığını müəyyən edib. Bu neyronların fəaliyyəti normallaşdıqda, siçanların davranışı tamamilə normala dönüb.
Tədqiqatın baş müəllifi, nevroloq Alvaro Qarsia deyib ki. belə sadə bir düzəlişin təşviş və sosial davranış pozuntularını tamamilə geri çevirməsi mühüm irəliləyişdir.
Bu tapıntılar gələcəkdə daha lokallaşdırılmış və effektiv müalicələrin inkişafına səbəb ola bilər.
Araşdırma iScience jurnalında dərc olunub.
Şəbnəm Mehdizadə