- 12:26
Alimlər ilk dəfə Günəşdəki koronal kütlə atımına (CME) bənzər nəhəng bir partlayışı Günəş Sistemindən kənarda yerləşən ulduzda müşahidə ediblər. Araşdırmaya görə, bu son dərəcə güclü hadisə yaxınlığındakı hər hansı planetin atmosferini tamamilə məhv edə biləcək gücə malikdir.
E-huquq.az xəbər verir ki, "Nature" jurnalında dərc olunan tədqiqatda Yer kürəsindən təxminən 130 işıq ili uzaqlıqda yerləşən StKM 1-1262 adlı qırmızı cücə ulduzun səthindən saniyədə 2.400 km (saatda 5,3 milyon mil) sürətlə nəhəng plazma buludu kosmosa atıldığı bildirilib. Mütəxəssislər bu hadisənin Günəşdə baş verə bilən ən güclü partlayışlardan on minlərlə dəfə daha şiddətli olduğunu vurğulayırlar.
Paris Rəsədxanasının tədqiqatçısı Siril Tasse açıqlamasında qeyd edib ki, ulduz son dərəcə güclü maqnit sahəsinə sahib qaynar plazma qazanı kimi davranır. Onun sözlərinə görə, müşahidə olunan partlayış Günəşin yarada biləcəyi enerjidən 10-100 min dəfə güclüdür.
Adi günəş fırtınaları dünyanın bəzi bölgələrində qütb işıqlarına səbəb olsa da, bu ölçüdə bir partlayış yaxın orbitdə yerləşən planetlərin atmosferini tamamilə soyub məhv edəcək gücdədir. Ulduzun ətrafında hələlik heç bir planet aşkarlanmasa da, alimlər qırmızı cücə ulduzların çoxunun ən azı bir planetə sahib olduğunu xatırladırlar.
Araşdırma göstərir ki, belə güclü enerji axını Yerə bənzər planetin maqnit sahəsini dağıda, atmosferini isə kosmosa sovura bilər. Bu isə qırmızı cücə ulduzların yaşanabilir zonalarının həqiqətən yaşama uyğun olub-olmadığına dair yeni suallar doğurur.
Hadisəyə aid radio siqnalı Avropanın LOFAR teleskop şəbəkəsi ilə 10 il əvvəl aparılan müşahidələrin məlumatlarının yenidən təhlili zamanı aşkar edilib. Müşahidə olunan II tip radio partlaması ulduzdakı isti plazmanın sürətlə xaricə doğru hərəkət etdiyini göstərir və koronal kütlə atımının birbaşa sübutu kimi qiymətləndirilir.
Alimlər bunu Günəşə bənzər kütlə atımlarının digər ulduzlarda da baş verdiyini təsdiqləyən ən güclü dəlillərdən biri hesab edirlər.
Tədqiqatçılar indi kiçik ulduzların bu qədər böyük enerjini necə istehsal etdiyini və bu cür partlayışların yaxınlıqdakı planetlərə uzunmüddətli təsirlərini araşdırmağı planlaşdırırlar. 2028-ci ildə istifadəyə verilməsi gözlənilən Square Kilometre Array teleskopunun isə bu tip hadisələrin müəyyənləşdirilməsində mühüm rol oynayacağı proqnozlaşdırılır.
ABŞ Milli Okean və Atmosfer İdarəsinin mütəxəssisi Mark Mieş kəşflə bağlı bildirib: “Bu, yalnız başlanğıcdır. Bu cür hadisələrin nə qədər geniş yayıldığını anlamaq, kainatda həyat üçün mövcud olan şərtləri qiymətləndirmək baxımından həlledici olacaq”.
Şəbnəm Mehdizadə