- 12:08
Alimlər təxminən 4,5 milyard il əvvəl Yerlə toqquşub Ayın yaranmasına səbəb olan Teya planetinin mənşəyi ilə bağlı yeni dəlillər aşkar ediblər.
E-huquq.az xəbər verir ki, "Science" jurnalında dərc olunan araşdırma, Teyanın Yer kürəsinə çox yaxın daxili Günəş sistemində əmələ gəldiyini göstərir.
1970-ci illərdə irəli sürülən nəhəng toqquşma nəzəriyyəsi, Ayın əsasən Teya materialından ibarət olduğunu proqnozlaşdırırdı. Bu, Ay və Yerin kimyəvi tərkibi arasında əhəmiyyətli fərqlərin olması demək idi. Lakin tədqiqatlar iki cismin demək olar ki, tamamilə kimyəvi cəhətdən eyni olduğu qənaətinə gəlib. Bu oxşarlıq uzun müddətdir sirr olaraq qalır.
"Max Planck" Günəş Sistemi Tədqiqatları İnstitutundan Thorsten Kleine və onun komandası, Apollo missiyaları ilə Yerə gətirilən ay nümunələrini və Yerdən götürülmüş qayaları araşdıraraq ağır elementlərdə ipucları axtarıblar. Tədqiqatçılar toqquşmadan sonra Yer mantiyasında qalan molibden və dəmir izotoplarını ətraflı şəkildə araşdırıblar.
Tədqiqat göstərir ki, Teya metal nüvəli qayalı planetdir və Yer kürəsinin kütləsinin 5-10 faizini təşkil edir. Dəmir, molibden və sirkonium izotop nisbətlərinin müqayisəsi planetin Günəşə Yer kürəsindən daha yaxın şəkildə əmələ gəldiyini göstərdi. Alimlər Günəşə daha yaxın bölgələrdə əmələ gələn cisimlərin ağır elementlərlə daha zəngin olduğunu və bu elementlərin Ay və Yerdəki gözləniləndən daha yüksək dəyərlərinin yalnız Teya toqquşması ilə izah edilə biləcəyini bildirirlər.
Londondakı Təbiət Tarixi Muzeyinin planetar alimi Sara Rassel tədqiqatı "qeyri-adi dəqiqliklə aparılan ölçmələrin əvəzolunmaz nəticələr verdiyi bir analiz" kimi təsvir etdi.
Rassel vurğulayıb ki, tapıntılar Yer-Ay sisteminin həyat üçün necə uyğunlaşdığını anlamağa əhəmiyyətli töhfə verir.
Tədqiqat qrupu növbəti dəfə nəhəng toqquşma ssenarisini kompüter simulyasiyaları ilə sınaqdan keçirməyi və yeni nümunələrlə daha çox elementar izotopu təhlil etməyi planlaşdırır.
Rassel gələcək Ay nümunəsi toplama missiyalarının bu işi daha da irəli apara biləcəyini qeyd edərək deyib: "Apollonun topladığı qayalar sayəsində 50 ildən sonra belə Ay və Yer haqqında yeni şeylər öyrənirik".
Şəbnəm Mehdizadə