- 12:08
Almaniyanın avtomobil sektorunda məşğulluq son 10 ilin ən aşağı səviyyəsindədir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın Federal Statistika Agentliyi, ölkənin çətinlik yaşayan avtomobil sənayesində on minlərlə işçinin işdən çıxarılması nəticəsində məşğulluğun son 10 ilin ən aşağı səviyyəsinə düşdüyünü bəyan edib.
Agentliyin açıqladığı məlumatlara görə, ehtiyat hissələri istehsalçıları da daxil olmaqla, avtomobil sektorunda sentyabr ayının sonuna 721.400 nəfər işlə təmin edilib. Bu rəqəm 2011-ci ildə qeydə alınan 718.000 iş yerindən bəri ən aşağı göstəricidir.
Hamburq Kommersiya Bankının baş iqtisadçısı Sayrus de la Rubia bildirib ki, sektorun uzun müddətdir davam edən durğunluğu məşğulluq məlumatlarında aydın şəkildə əks olunur.
Alman avtomobil istehsalçıları son dövrlərdə ABŞ-ın gömrük vergilərini artırması, Çinli elektrikli avtomobil istehsalçılarının bazardakı payını sürətlə artırması və çip istehsalçısı "Nexperia"nın Niderland hökuməti ilə yaşadığı münaqişə səbəbindən çip təchizatında yaranan çətinliklər kimi bir sıra problemlərlə üzləşirlər.
Şəbnəm Mehdizadə