- 15:06
Almaniyada yük maşınından alman ordusuna məxsus 20.000 patron oğurlanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə Saksoniya-Anhalt əyaləti yaxınlığında baş verib.
Belə ki, ordunun silah-sursatını daşıyan və mülki logistika şirkətinə məxsus yük maşını açılıb və içərisindəki sursatlar oğurlanıb.
Sürücü oğurluğu səhər saatlarında yaxınlıqdakı kazarmaya gedən zaman aşkar edib. İtkin sursatlar arasında 10.000 tapança patronu və 9.900 patron hücum tüfəngi təlim sursatları olub.
Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, sursatların daşınmasına cavabdeh olan logistika şirkəti təhlükəsizlik qaydalarını pozub. Qaydalara görə, şirkət alman ordusuna məxsus həssas yüklərə daimi nəzarətin təmin edilməsinə cavabdeh idi.
Lakin ilkin araşdırmalar göstərir ki, sürücü planların əksinə olaraq Burqdakı otelə gedib və orada gecələyib. O, yük maşınının içindəki hərbi sursatları gecə boyu nəzarətsiz qoyub.
Ehtimal olunur ki, oğrular həmin an seyfi sındıraraq, sursatları oğurlayıblar.
Polis və hərbçilər hadisə ilə bağlı hərtərəfli araşdırma aparır. Oğurlanan sursatın harada olduğu məlum deyil.
Şəbnəm Mehdizadə