- 15:32
Peyk və raket buraxılışlarının sayının artması həm Yer atmosferində, həm də kosmik orbitdə artan ekoloji yük yaradır. “Kosmik zibil” kimi tanınan bu yığılma istifadə olunmamış peyklər, fəaliyyət göstərməyən nəqliyyat vasitələri və hissəciklərdən ibarətdir.
E-huquq.az xəbər verir ki, “Chem Circularity” jurnalında dərc olunan araşdırmada “azalt–təkrar istifadə et–təkrar emal et” prinsiplərinə əsaslanan kosmik fəaliyyətlər üçün model təklif ediblər. Belə ki, gələcək kosmik gəmilər və peyklər daha davamlı, təmir oluna bilən və təkrar istifadə edilə bilən materiallarla hazırlanarsa, həm tullantılar, həm də xərclər azala bilər.
Hər raket buraxılışı atmosferə istixana qazları və ozonu məhv edən maddələr buraxa bilər. Missiyalarını tamamlamış peyklər tez-tez kosmik zibil olur. Bu, aktiv peyklər üçün toqquşma riskini artırır.
Tədqiqatçıların fikrincə, gələcəkdə kosmik stansiyalar təkcə tədqiqat mərkəzləri kimi deyil, həm də təmir və texniki xidmət məntəqələri, yanacaqdoldurma mərkəzləri və orbitdə istehsalat obyektləri kimi istifadə edilə bilər. Bu, daha az raket buraxılışına, yeni hissələrin istehsalına və kosmik gəmilərin ömrünü uzatmağa imkan verə bilər.
Alimlər orbitdəki zibilləri təmizləmək üçün şəbəkələrdən, robot qollardan və xüsusi tutma sistemlərindən istifadə edən aktiv bərpa üsullarını dəstəkləyirlər.
Bundan əlavə, süni intellektə əsaslanan sistemlər kosmik gəmiləri daha səmərəli dizayn etməyə, riskləri təhlil etməyə və toqquşmaların qarşısını almağa kömək edə bilər.
Bütün bunların həyata keçirilməsi üçün də, beynəlxalq standartlar və əməkdaşlıq zəruridir.
Humay Eminqızı