- 11:10
Fransanın paytaxtı Parisdə yerləşən Luvr muzeyində noyabr ayının sonunda baş verən su sızması ciddi fəsadlara səbəb olub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, sızma nəticəsində muzeyin Misir Departamentinə məxsus yüzlərlə nəşr zədələnib. Hadisə 26 noyabrda aşkarlanıb.
Muzey rəhbərliyinin məlumatına görə, Misirşünaslıq üzrə jurnallar və tədqiqatçılar tərəfindən istifadə olunan elmi sənədlərdən ibarət təxminən 300-400 materiala zərər dəyib. Zədələnmiş nəşrlərin əsasən 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərinə aid olduğu bildirilir.
Rəsmilər hadisə nəticəsində heç bir mədəni irs nümunəsinin zərər görmədiyini vurğulayıblar. İlkin araşdırmalar da muzey kolleksiyalarında bərpaolunmaz itkinin olmadığını göstərir.
Məlumata görə, zədələnmiş materiallar qurudulduqdan sonra təmir üçün kitab cildləyicilərinə göndəriləcək və daha sonra yenidən rəflərə qaytarılacaq.
Qeyd edək ki, Luvr muzeyi noyabr ayının sonunda Aİ üzvü olmayan ölkələrdən gələn ziyarətçilər üçün bilet qiymətlərinin artırıldığını açıqlayıb. Yeni qaydalara əsasən, ABŞ, Böyük Britaniya və Çin kimi ölkələrdən olan turistlər muzeyə giriş üçün 32 avro ödəyəcəklər.
Şəbnəm Mehdizadə