- 11:10
Böyük Britaniyada aparılan yeni elmi araşdırma nəzarətli dozalarda tətbiq edilən və “gülən qaz” kimi tanınan azot oksidinin depressiya simptomlarını qısa müddətdə azalda biləcəyini ortaya çıxarıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Birmingem Universiteti və Oksford Universitetinin tədqiqatçıları qazın təsirinin müvəqqəti olduğunu, bu səbəbdən əlavə araşdırmalara ehtiyac duyulduğunu bildiriblər.
Araşdırma çərçivəsində yeddi klinik sınağın nəticələri və 247 iştirakçı qiymətləndirilib. İştirakçılar azot oksidini 50% və 25% konsentrasiyalarda nəfəs alıblar və nəticələr plasebo qrupları ilə müqayisə edilib.
Nəticələr göstərib ki, azot oksidi depressiya simptomlarını cəmi iki saat ərzində azalda bilir. Lakin təsirin davamlı olmadığı, ikinci doza verilmədiyi halda simptomların bir həftə ərzində geri qayıda bildiyi qeyd olunub.
Ürəkbulanma, baş ağrısı və reallıqdan uzaqlaşma hissi kimi yan təsirlərin xüsusilə yüksək dozalı qruplarda daha çox müşahidə edildiyi bildirilib.
Mütəxəssislər hesab edirlər ki, bu metod beyində qlütamatergik sistemə və qan dövranına sakitləşdirici təsir göstərə bilər. Onların sözlərinə görə, araşdırma depressiyanın sürətli təsir göstərən yeni müalicə üsullarının inkişafına zəmin yarada bilər.
Tədqiqatın nəticələri “eBioMedicine” jurnalında dərc olunub.
Şəbnəm Mehdizadə